Sabah Astarada general Həzi Aslanovun xatirə turniri start götürəcək

İki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor H.Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə XXXV ənənəvi beynəlxalq turnirə sabah start veriləcək.

Qeyd edək ki, ənənəvi olaraq hər il keçirilən bu yarış bu dəfə ilk dəfə olaraq paytaxtdan kənarda, Astara şəhərində təşkil ediləcək. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Astara Olimpiya İdman Kompleksində baş tutacaq turnirin təntənəli açılış mərasimi aprelin 14-də saat 17:00-da başlanacaq.

Turnirdə 7 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Türkmənistan) 300 nəfərə yaxın idmançı iştirak edəcək.

Yarış aşağıdakı çəki dərəcələri üzrə keçiriləcək:
Oğlanlar – 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, 73 kq, 81 kq, 90 kq, +90 kq;
Qızlar – 36 kq, 40 kq, 44 kq, +48 kq, 52 kq, 57 kq, 63 kq, 70 kq, +70 kq.

Qeyd edək ki, turnirin təşkilində əsas məqsəd xalqımızın qəhrəman övladlarından olan general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, yeniyetmə idmançıların ustalığının artırılması, qonşu ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi, ən güclü idmançıların aşkar edilməsindən ibarətdir.

Turnirin proqramına əsasən, sabah səhər yarış iştirakçıları Lənkəranda Ulu öndərimiz Heydər Əliyevin abidəsi qarşısına əklil qoyduqdan sonra, Həzi Aslanovun ev müzeyinə baş çəkəcəklər.
Qəhrəmanın adını daşıyan parkda yerləşən abidəsi qarşısına əklil qoyduqdan sonra Astaraya yollanacaqlar.

Astara Olimpiya İdman Kompleksində saat 17.00-da başlanacaq təntənəli açılış məraimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Astara rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Nəbi Şükürlü və qəhrəmanın nəvəsi polis general-mayoru Həzi Aslanov nitq söyləyərək yarış iştirakçılarına uğiurlar arzulayacaqlar.

Xəbər 1162 dəfə oxundu.