Ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir
Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış gününə start verilib.

Körpücük üzərinə ilk olaraq yaşı 15-dək olan oğlanlar arasında 62 və 69 kiloqram çəki dərəcələrində mübarizə aparan atletlər çıxıblar.

Yarışda 62 kiloqram çəki dərəcəsində toplam 178 kiloqram (78+100) nəticə ilə Kamil Nəbiyev qızıl medala layiq görülüb. Nurlan Məmmədzadə 175 kiloqram (75+100) nəticə ilə gümüş medala, Sənan Sahibov isə 162 kiloqramlıq (72+90) göstərici ilə bürünc medala sahib olublar.

Birincilikdə 69 kiloqram çəki dərəcəsində çıxış edən Murad Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, toplam 216 kiloqram (101+115) nəticə ilə birinci olub. Gümüş medala 190 kiloqram (90+100) nəticə ilə Səlimxan Mürşüdov, bürünc mükafata isə 163 kiloqramlıq (70+93) nəticə ilə Canəli Əsədov sahib çıxıblar.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Xəbər 1224 dəfə oxundu.