Şabranda kross qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb
Şabranda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş kross qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb.

Dörd kilometr məsafəyə kross qaçışı üzrə yarışda 200 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib.

İştirakçılar Heydər Əliyev prospektindən Şabran dəmir yolu vağzalınadək və əks istiqamətdə yarışıblar.

Finişə birinci çatan Pərvin Əzimov yarışın baş mükafatına layiq görülüb. Əli Həmzəyev ikinci, Balaoğlan Həsənov isə üçüncü olub. Qaliblər və həvəsləndirici yerlərin sahibləri Şabran Gənclər və İdman İdarəsi tərəfindən kubok və medallarla təltif ediliblər.

Mükafatlandırma mərasimində bildirilib ki, yarışın keçirilməsində məqsəd gənc nəsli 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumatlandırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etmək, həmçinin məktəbliləri pis vərdişlərdən qorumaq və sağlam həyat tərzinə istiqamətləndirməkdir.

Xəbər 755 dəfə oxundu.