Azərbaycan kubokunu “Marafon Futsal” qazanıb
Mayın 22-də futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Həlledici oyunda iki debütant - “Marafon Futsal” və “Uğur” komandaları qarşılaşıblar.

Xüsusilə iranlı legionerlərlə güclənmiş tərəflərin dueli kifayət qədər gərgin, amma maraqlı alınıb. Oyunun əvvəlində “Uğur” 2 top fərqi ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Əsas qapıçının oyundan əvvəl zədələnməsi də matçın gedişinə təsirsiz ötüşməyib. Rəqibin zəif nöqtəsini tapan Yüksək Liqanın gümüş medalçısı “Marafon Futsal” hesabı bərabərləşdirməklə bərabər fasiləyədək 2 top fərqi ilə üstünlük qazanıb.

İkinci hissədə də təzyiqi artıran “Marafon Futsal” qapıçını meydan oyunçusu ilə əvəzləyən “Uğur”u cəzalandırmağı bacarıb. Düzdü, bir məqamda “Uğur” fərqi minimuma endirib, ancaq qapının tez-tez boş qalması “Marafon Futsal”a qol vurmaq imkanı verib. Matçın gedişində “Marafon Futsal”dan bir, “Uğur”dan iki oyunçu meydandan qovulub.

Beləliklə, 9:6 hesabı ilə qələbə qazanan “Marafon Futsal” debüt ilində ölkə kubokunu qazanmağı bacarıb.

Oyundan sonra qalib komandaya medallar və ölkə kuboku təqdim edilib. Mükafatlandırma mərasimində Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqov və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev iştirak ediblər.

Xəbər 614 dəfə oxundu.