Velosiped yarışı üzrə muxtar respublika turniri başa çatıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş velosiped yarışı üzrə yeniyetmə və gənclər arasında “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil etdiyi turnirdə 80-ə yaxın idmançı mübarizə aparıb.

Turnirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov idmançıları salamlayaraq bildirib ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dünyanın mötəbər idman tədbirlərinə ev sahibliyi edən Azərbaycan hazırda idman ölkəsi kimi nüfuz qazanıb. Bütün regionlarımızda olduğu kimi, muxtar respublikada da idman dövlət qayğısı ilə əhatə olunub. Yeniyetmə və gənclərin bu sahəyə cəlbi istiqamətində mühüm addımlar atılır, yeni idman obyektləri, bazaları tikilərək istifadəyə verilir. Bu imkanlardan istifadə edən gənclər idman sahəsində uğurlar qazanır, muxtar respublikanı Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.

Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışan muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov qeyd edib ki, müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı idman siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər. Son illər muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin, stadionların, orta məktəblərdə idman zallarının və idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“Muxtar respublikada idmanın inkişafına göstərilən dövlət qayğısı gündən-günə artır. Müasir tələblərə cavab verən yeni idman bazaları inşa olunur, onların maddi-texniki bazaları gücləndirilir” – deyən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov isə vurğulayıb ki, Naxçıvanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin vətənpərvər ruhda yetişmələrinə də böyük diqqət göstərilir. Bunun əyani ifadəsidir ki, məktəblərdə idman zalları yenilənib, onların maddi-texniki bazası gücləndirilib. Muxtar respublikada idmana göstərilən diqqət və qayğı nəticəsində qazanılan uğurların sayı hər il daha da artmaqdadır. Bu gün muxtar respublikada fəaliyyət göstərən məktəblərin şagirdləri ölkə səviyyəli idman yarışlarında, turnirlərdə fərqlənirlər.

Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən turnirin iştirakçıları 500 metrlik məsafədə yarışıblar. Reqlamentə əsasən təyin olunan məsafəni daha tez Şərur rayon idmançısı Emin Rəsulov qət edib. Kəngərli rayon məktəblisi Hüseyn Cəfərov ikinci, rayonun digər idmançısı Seymur Seyidov isə üçüncü olub.

Komanda hesabında I yerə Kəngərli, II yerə isə Şərur rayonu layiq görülüb. Naxçıvan şəhərinin komandaları isə III yerdə qərarlaşıb. Qaliblərə Gənclər və İdman, Təhsil nazirliklərinin diplomları, Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və hədiyyələri təqdim edilib.

Xəbər 674 dəfə oxundu.