“Neymar Jr’s Five” futbol turnirinin Gəncə üzrə seçim mərhələsi başa çatıb
Gəncədə “Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi keçirilib. Ölkəmizdə üçüncü dəfə təşkil olunan turnirin Gəncə üzrə seçim mərhələsində 41 komanda milli finala vəsiqə uğrunda mübarizə aparıb.

Turnirin qaydalarına əsasən, seçmə mərhələdən milli finala iki komanda - “Topaz” və “Tərəqqi” vəsiqə qazanıb.

“Tərəqqi” komandasının kapitanı Şərif Həsənov bu uğurdan məmnunluğunu bildirərək deyib: “Turnir haqqında öyrənəndən sonra dostlarımla məsləhətləşib bu yarışa qatıldıq. On gün ərzində idman zallarında məşq etdik. Çox şükür ki, milli finala vəsiqə qazana bildik. Bakıda da uğur qazanmağa çalışacağıq”.

Qeyd etmək lazımdır ki, “Tərəqqi” komandasının bir neçə oyunçusu keçənilki milli finalın iştirakçıları olublar.

AFFA-nın dəstəyi ilə Azərbaycanda növbəti seçim mərhələləri mayın 26-da Lənkəranda, iyunun 1-də, 2-də və 3-də Bakıda keçiriləcək. Milli final mərhələsi isə iyunun 17-də Bakıda təşkil ediləcək.

“Neymar Jr’s Five” qlobal futbol turniridir. Bu turnir dünyanın müxtəlif bölgələrindən olan futbolçuları bir araya gətirir. Ötən il Azərbaycan da daxil olmaqla 53 ölkənin qatıldığı bu layihədə 100 mindən artıq futbolçu iştirak edib. Bu il yarışın miqyası daha böyükdür. Altmış ölkədə seçim mərhələlərinə artıq start verilib. Bu yarışlarda oyunçular öz ölkələrindəki final mərhələsində qalib gələrək iyulun 21-də Braziliyada üçüncü dəfə keçiriləcək yekun mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Yarışda hər biri altı nəfərdən ibarət komandalar iştirak edirlər. Oyunçulardan dördü 16-25 yaşlarında, digər ikisi isə 25 yaşdan böyük ola bilər. Qeydiyyatdan keçmək üçün https://win.gs/neymarjrsfiveaze ünvanına daxil olmaq lazımdır.

Xəbər 619 dəfə oxundu.