Qaxda Ulu Öndərin xatirəsinə həsr olunan mini futbol turnirinin qalibləri mükafatlandırılıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Qax şəhərində keçirilən minifutbol turniri rayon Gənclər və İdman İdarəsinin komandasının qələbəsi ilə başa çatıb.

Idarənin və YAP rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı aprelin 20-də Qax Olimpiya İdman Kompleksində startı verilən turnirdə rayonda fəaliyyət göstərən müəssisə və təşkilatları təmsil edən 8 komanda mübarizə aparıb.

Su-kanal idarəsinin və rayon təhsil şöbəsinin komandaları yarışı müvafiq olaraq ikinci və üçüncü pillədə başa vurublar.

Turnirin bağlanış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək, ümummilli lider Heydər Əliyevin idmanın inkişafına hər zaman böyük önəm verdiyini vurğulayıb, hazırda ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək dövlət qayğısından bəhs edib. Bildirilib ki, ənənəvi olaraq hər il keçirilən bu turnir gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlıqlarını inkişaf etdirmək, idmana olan marağını daha da artırmaq məqsədi daşıyır.

Sonda turnirin qaliblərinə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.

Xəbər 792 dəfə oxundu.