Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yarışlar davam edir
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində yeniyetmə və gənclər arasında müxtəlif idman növləri üzrə açıq birinciliklərin keçirilməsi davam edir.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, silsilə tədbirlər çərçivəsində İdman Cəmiyyətində cüdo üzrə yeniyetmələr və gənclər arasında növbəti turnir keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftahətdinova ulu öndər Heydər Əliyevin idmana və idmançılara dövlət səviyyəsində göstərdiyi qayğıdan bəhs edib. Bildirib ki, xalqımızın Ümummilli Lideri ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etməsi üçün geniş imkanların yaradılmasını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırıblar. Ulu Öndərimizin gənclərə bu diqqət və qayğısı bu gün də davam və inkişaf etməkdədir. Ölkəmiz möhtəşəm idman tədbirlərinə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, bu uğurların qazanılmasında daxili işlər orqanlarında xidmət edən bir çox əməkdaşların da payı var.

Sonra yarışlara start verilib.

Birincilikdə üç yaş qrupunda müxtəlif çəki dərəcələri üzrə 140-a yaxın idmançı gücünü sınayıb. DİN İdman Cəmiyyətinin cüdo bölməsinin baş məşqçisi Zaur Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq nümayiş etdiriblər.

Yarışları Z.Kərimov, E.Bağırov və E.Məmmədov idarə ediblər.

Xəbər 588 dəfə oxundu.