Qazaxda Ulu Öndərin xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Qazax Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının, Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş həvəskar komandalar arasında mini futbol üzrə rayon birinciliyi başa çatıb.

Aprelin 30-dan start götürən yarışda 18 həvəskar komanda iştirak edib.

Gərgin mübarizə şəraitində keçən oyunların final mərhələsində Qazax Dövlət Sosial-İqtisadi Kollecin komandası ilə “N” saylı hərbi hissənin komandası qarşılaşıb. Oyun 5:3 hesabı ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecin komandasının xeyrinə başa çatıb.

Beləliklə də kollecin komandası I yerə, “N” saylı hərbi hissənin komandası II yerə, Kosalar kənd komandası isə III yerə çıxıb.

Eyni zamanda, 3 nominasiya üzrə fərqlənən komanda üzvlərinin də adı bəlli olub. Qazax Dövlət Sosial-İqtisadi Kollecin komandasının üzvlərindən Sərxan Məmmədov “Ən yaxşı qapıçı”, Eldar Babayev “Ən texnikalı oyunçu”, Elgün Qəhrəmanov isə “Ən sərrast hücumçu” adına layiq görülüblər.

Sonda yarışın çempionu olmuş komandaya kubok, digər qalib komandaların üzvlərinə müvafiq diplom və medallar, nominasiya üzrə fərqlənən iştirakçılara isə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 568 dəfə oxundu.