Yeniyetmə velosipedçilərimiz Türkiyədə bürünc medal qazanıb
Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamız mayın 5-də və 6-da Türkiyənin Ordu şəhərində təşkil olunan çempionatda uğurla çıxış ediblər.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb. Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib – o, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi ikinci başa vurmuşdu. Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olub və bürünc medala layiq görülüb.

Xəbər 1259 dəfə oxundu.