“Biz meydanda mübarizənin, halallığın tərəfdarıyıq”
“Xəzər Lənkəran”ın belə vəziyyətlə üzləşməyi yaxşı hal deyil. Bu, komandaya psixoloji cəhətdən pis təsir edə bilər”. İdman.com.az saytının məlumatına görə, bu fikri apasport.az-a açıqlamasında “Bakı” klubun məşqçisi Novruz Əzimov deyib.

“Ağ-göylər”in Unibank Premyer Liqasının növbəti turunda aprelin 14-də qəbul edəcəyi “Xəzər Lənkəran” braziliyalı sabiq futbolçusu Romulo Silvano ilə probleminə görə əziyyətini çəkir. Belə ki, FİFA Lənkəran klubundan 6 xalın silinməyini tələb edir. Bu, rəsmiləşərsə, komanda 4-cü pilləyə düşəcək.

Kubokda da mübarizəni davam etdirən paytaxt təmsilçisinin həmin yeri tutmaq şansı artsa da, məşqçi rəqibi üçün belə vəziyyəti arzulamır. Əzimov növbəti turdakı rəqibinə dəstək nümayiş etdirib:

“Sözsüz ki, belə vəziyyət heç bir komanda üçün arzuolunmazdır. Çünki komanda xal toplamaq üçün əziyyət çəkir və xallar silinəndə, ilk növbədə məşqçilərlə futbolçuların zəhməti hədər gedir. Bu mənada rəqibimizin durumuna sevinmirik. İstəməzdim ki, vəziyyət bu cür olsun. Düzdür, “Xəzər Lənkəran”dan 6 xalın silinməyi ilə şansımız artır, amma biz meydanda mübarizənin, halallığın tərəfdarıyıq. Topladığımız xalların hesabına turnir cədvəlində daha yaxşı mövqeyə çıxmaq istəyirik”.

Xəbər 1007 dəfə oxundu.