Yunan-Roma güləşçiləri Avropa çempionatında mübarizəyə başlayır
Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən xəbərə görə, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışırlar.

Çempionatda ölkəmizin idman şərəfini Nihad Quluzadə (48 kq), Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq), Sərxan Məmmədov (110 kq) və Eldar Məmmədov (80 kq) qoruyacaqlar.

Məlumat üçün bildirək ki, Avropa çempionatı oktyabrın 12-dən 14-dək Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kiloqram, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kiloqram çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kiloqram çəkidə 3 idmançı olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.





Xəbər 1043 dəfə oxundu.