Halqalarla çıxış edən qrup komandamız gimnastika üzrə Dünya Kubokunun finalına yüksəlib
Aprelin 27-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışı start götürüb.

Gimnastlar əvvəlcə fərdi proqramda çoxnövçülük - halqa və top üzrə təsnifat yarışlarında mübarizəyə başlayıblar.

Azərbaycanı fərdi yarışlarda "A" qrupunda Zöhrə Ağamirova və Veronika Hudis təmsil ediblər. Gimnastlarımız iki hərəkətin yekununda 30,500 və 30,600 xal toplayıblar. “A” və “B” qruplarında gimnastların çıxışlarının yekununda rusiyalı Maria Sergeyeva 36,450 xalla bütün rəqiblərini qabaqlayıb.

Qrup hərəkətləri proqramında çoxnövçülük yarışında beş halqa ilə hərəkətlərdə komandamız meydana beşinci çıxıb. Hərəkətlərin sonunda 17,150 xal toplayan gimnastlarımız altıncı pillədə qərarlaşıblar. Bu nəticə millimizə final mərhələsində iştirak hüququ qazandırıb.

Qrup yarışlarında ən yüksək xalı 22,100 xalla İtaliya təmsilçiləri toplayıblar.

Rusiyanın qrup komandası isə yarışda iştirakdan imtina edib.

Xəbər 1409 dəfə oxundu.