AFFA “Xəzər Lənkəran”la bağlı öz mövqeyini açıqlayıb
AFFA, FİFA-nın “Xəzər Lənkəran” klubu ilə bağlı ünvanladığı məktubla əlaqədar mövqeyini açıqlayıb. İdman.com.az-ın xəbərinə görə, assosiasiyanın rəsmi saytında bildirilir ki, 13.10.2010-cu il tarixdə FİFA-nın Mübahisələrin Həlli Palatası “Xəzər Lənkəran”ın futbolçu Romulo Silvano Silvaya 30 gün müddətində 114 000 (yüz on dörd min) ABŞ dolları ödəməsi barədə qərar qəbul edib.

Qərara əsasən, göstərilən məbləğ ödəniləcəyi vaxta qədər illik 5% cərimənin ödənilməsi də nəzərdə tutulub. 31.10.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinin katibliyi borc ödənilmədiyi üçün kluba qarşı inzibati icraat işi başlamış və klubdan 21.11.2011-ci il tarixə qədər borcu ödəməyi tələb edib.

“Xəzər Lənkəran” 29.11.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinə müraciətində, hazırda borcu ödəmək üçün lazımi vəsaitin olmamağını əsas gətirib və ödəmə müddətini uzatmağı xahiş edib. Bundan sonra FİFA-nın Nizam-İntizam Komitəsi 30.11.2011-ci il tarixdə klubun FİFA-nın hüquq orqanının qərarını icra etməməsi barədə məsələyə baxaraq aşağıdakıları qərara alıb:

1. “Xəzər Lənkəran” FK FİFA-nın hüquq orqanının qərarının yerinə yetirilməməsində günahkar hesab olunsun.

2. “Xəzər Lənkəran” FK FİFA-ya 30 gün müddətində 15 000 (on beş min) İsveçrə frankı cərimə ödəsin.

3. “Xəzər Lənkəran” FK-ya borcun ödənilməsi üçün 30 gün vaxt verilsin.

4. Bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından 6 xal çıxılsın. Xalların çıxılması FİFA-nın tələbinə əsasən yerli assosiasiya tərəfindən həyata keçirilsin.

Bu qərar çıxarıldıqdan sonra “Xəzər Lənkəran” FK 09.02.2012-ci il tarixdə futbolçunun əsas borcunu və FİFA-ya ödəniləcək cərimələri ödəmişdir. Borc gec ödənildiyi üçün 7573 (yeddi min beş yüz yetmiş üç) ABŞ dolları məbləğində hesablanan faiz məbləği ödənilməmişdir.

Faiz məbləğinin ödənilməməsi barədə futbolçunun agenti FİFA-ya 12.03.2012-ci il tarixdə müraciət etmiş və klubdan 6 xalın çıxılmasını istəyib. Bu şikayət əsasında FİFA-nın Nizam-İntizam Komitəsi 29.03.2012-ci il tarixdə AFFA-ya müraciət edərək, klubdan 6 (altı) xalın çıxılmasını və bu barədə FİFA-ya müvafiq sübutun göndərilməsini tələb edib.

FİFA tərəfindən AFFA və kluba ünvanlanan sonuncu müraciətdən sonra “Xəzər Lənkəran” FK 30.03.2012-ci il tarixdə əsas borca hesablanmış faizi də ödəyib. Borc tam ödənildikdən sonra AFFA FİFA-ya müraciət ünvanlayaraq, klubun xallarının çıxılması barədə sanksiyanın tətbiq olunmamağını xahiş edib.
Hazırda AFFA bu müraciətinə FİFA-nın cavabını gözləyir.

Xəbər 915 dəfə oxundu.