Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzinin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər.

Kartinq Mərkəzinin yaradılmasında əsas məqsəd Azərbaycanda avtoidman mədəniyyətini inkişaf etdirmək, ictimaiyyət arasında idmanın bu növünə marağı artırmaq və gələcək Formula 1 yarışları üçün yerli kadrlar hazırlamaqdır.

Bakı Şəhər Kartinq Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnarə Əliyeva mərkəzin ölkəmizdə avtoidman mədəniyyətinin inkişafında əvəzsiz xidmət göstərəcəyini bildirib: “Artıq üç ildir ki, ölkəmizdə avtoidmanın ən nüfuzlu yarışı olan Formula 1 Qran-Prisi keçirilir. Bu yarışlar sayəsində ölkə ictimaiyyəti, xüsusən də gənclər arasında avtoidmana böyük maraq yaranıb. Biz Kartinq Mərkəzini ərsəyə gətirməklə avtoidmana maraq göstərən gənclərimiz bu imkanlardan yararlanaraq Formula 1-də yarışan pilotlar səviyyəsində özlərini yetişdirə bilsinlər. İnanırıq ki, çox yaxın gələcəkdə bu mərkəz ölkəmizə beynəlxalq avtoidman yarışlarında mübarizə aparan peşəkar pilotlar qazandıracaq”.

Bakı Şəhər Kartinq Mərkəzində istifadə olunan kartinq maşınları (kart) Fransanın “SODİ KARTS” şirkəti tərəfindən istehsal edilib. Bu kartlar texniki göstəriciləri, rahatlığı, müasir tərtibatı və ən əsası təhlükəsizliyi baxımından digərlərindən fərqlənir.

Kartinq yolunda eyni anda 24 kartın hərəkəti mümkündür. Təhlükəsizliyi təmin etmək məqsədilə kartinq yolunun kənarı keyfiyyətli baryerlərlə əhatə olunub. Bu baryerlərin içərisinə doldurulmuş rezin hissəciklər və kənarına çəkilmiş xüsusi lent zərbənin təsirini azaltmaqla yanaşı, həm də onun bütün baryer boyunca bərabər paylanmasını təmin edir. Bundan başqa, sürücülərə xüsusi dəbilqələr və od keçirməyən kombinezonlar da verilir.

Tamaşaçıların yarışı rahat izləmələri üçün xüsusi izləmə zonasının və kafenin də olduğu mərkəzdə qonaqlara yaşına uyğun maşınlar təqdim olunur. Kartları idarə etməyi yeni öyrənənlər isə ikinəfərlik maşınlardan istifadə edə bilərlər.

Digər tərəfdən, mərkəz gənclər arasında mütəmadi olaraq yarışlar keçirməyi planlaşdırır. Bu yarışlarda yeni sürücülərlə yanaşı, peşəkarlar da iştirak edə biləcəklər. Yerli kadrların hazırlanması məqsədilə gələcəkdə azyaşlılar üçün peşəkar pilot kurslarının təşkili nəzərdə tutulur.

Xəbər 720 dəfə oxundu.