Boksçularımız Avropa birinciliyinə qələbə ilə başlayıblar
İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəbi İsgəndərov 1/16 final mərhələsində Aleks Baki (Macarıstan) ilə üz-üzə gəlib. Döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Boksçumuz 1/8 finalda fransalı Bilel Qourari ilə döyüşəcək. Qarşılaşma aprelin 20-də olacaq.

Birincilikdə 75 kiloqram çəki dərəcəsində gücünü yoxlayan Məhəmməd Yusifov da Avropa birinciliyinə qələbə ilə start verib. O, 1/16 finalda Vilmantas Siriusu (Litva) mübarizədən kənarlaşdırıb. Boksçumuz aprelin 20-də 1/8 final çərçivəsində Rafael Hovannisyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yığmamız Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışa 10 oğlan və 1 qız boksçu ilə qatılıb.

Xəbər 1674 dəfə oxundu.