“Ferrari” Bakı Qran-Prisinə daha cəsarətli şin seçimi edib
İtaliyanın şin istehsalçıları Azərbaycanda keçiriləcək Formula 1 mövsümünün dördüncü mərhələsi üçün pilotların strategiyasını dərc ediblər. “Pirelli” Formula 1-in hər mərhələsi üçün pilotların hər birinə 13 şin dəsti təqdim edir. Pilot özü onlardan 10-nu seçə bilər.

Trasda uzun xətt məsafələrinin çox olduğu Bakı mərhələsində “Ferrari”, “Sauber” pilotları, həmçinin “McLaren” yürüşçüsü Stoffel Vandorn ən cəsarətli seçim ediblər. Onların hər birində on dəst “UltraSoft” ən yumşaq şinləri və bir-iki “Soft” və “SuperSoft” dəsti olacaq.

“UltraSoft” şinlərini ən az seçən “Renault” pilotlarıdır (hərəyə yeddi dəst). Karlos Sayns, Niko Hyulkenberq və “Williams” pilotu Lens Stroll dörd dəst “SuperSoft” seçiblər. Pelotondan heç bir pilot sərt və daha münasib olan “Soft”un iki dəstindən artığını seçməyib.

Bakı Qran-Prisinin ilk dəfə çempionatın təqviminə daxil edildiyi 2016-cı ildən yarışlar iyun ayında keçirilirdi. 2018-ci ildə isə bu turnir aprelin sonuna təsadüf edir və Azərbaycanda havanın temperaturunun yay mövsümündən fərqli olacağı rezinə təsir edəcək.

Formula 1 “Pirelli” proqramının rəhbəri Mario İzola deyib: ”Bakı trası kifayət qədər qəribədir, çünki küçə trası kimi burada çox yüksək sürətli düz yollar var. Bir neçə çox iti sektorlar var, lakin trasın bəzi hissələri günəş altında, digərləri isə kölgədədir. Beləliklə, trasın müxtəlif hissələrində temperatur fərqlidir. Ötən il yarışlar iyunda keçirilib, indi isə hər şey fərqli olacaq”.

İzolanın sözlərinə görə, Bakıda “UltraSoft” şinlərinin ən yumşaq dəsti Çində olduğundan daha yavaş yeyiləcək. Şanxaydakı yarışlarda bəzi pilotlar şinlərin daha tez sıradan çıxdığını qeyd ediblər.

“Hesab edirəm ki, Şanxayla müqayisədə Bakıda “UltraSoft” o qədər də cəsarətli seçim deyil. Trasın konfiqurasiyası rezinə qarşı daha az tələbkardır, orada asfaltın hamarlığı başqadır. Düşünürəm ki, heyətlərarası vaxt fərqi saniyənin yarısını keçməyəcək”.

Xəbər 1315 dəfə oxundu.