Azər Əsgərov: Cüdo üzrə beynəlxalq turnir hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir
Azərbaycan Ordusunun 2016-cı ilin aprelində keçirdiyi uğurlu döyüş əməliyyatları müasir hərb tariximizin şanlı səhifələrindən biridir. Ölkəmizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bizim üçün əzizdir, onların hünər və qəhrəmanlığı yeniyetmə və gənclər üçün örnəkdir.

Bunu Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinə həsr edilən cüdo üzrə beynəlxalq “Raquf Orucov kuboku” turnirinin təşkilatçısı – “Judo Club 2012” idman klubunun prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında beynəlxalq yarışların qalibi Azər Əsgərov aprelin 19-da Bakı İdman Sarayında keçiriləcək yarışlar haqqında məlumat verərkən deyib.

O, Aprel döyüşlərinin Azərbaycanın müasir hərb tarixində şanlı səhifə olduğunu, bu döyüşdə qazanılan zəfərin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını qeyd edərək söyləyib: “Şəhidlərimizin xatirəsinə ehtiram mənəvi borcumuz olmaqla yanaşı, böyüməkdə olan nəslin ana torpağa məhəbbət ruhunda tərbiyəsi üçün də mühüm əhəmiyyət daşıyır. Ona görə də Aprel döyüşlərində şəhid olan təcrübəli zabit, adı hələ sağlığında əfsanələşmiş kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəxsində bütün şəhidlərimizin xatirəsinə həsr olunmuş turnir təşkil etməyi qərara aldıq. Bu turnir həm yeniyetmələrin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə, həm də Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir”.

Azər Əsgərovun verdiyi məlumata görə, yarışların yüksək səviyyədə keçirilməsi üçün Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə hər cür şərait yaradılıb. Qonşu ölkələrin idmançıları turnirdə iştirak etməklə yanaşı, paytaxtın tarixi məkanları, görməli yerləri ilə də tanış ola biləcəklər.

Xatırladaq ki, “Raquf Orucov kuboku” turniri bu il ikinci dəfədir keçirilir. Beynəlxalq kateqoriyalı turnirdə yaşı 21-dək olan 1998-2003-cü il təvəllüdlü oğlan və qızlardan ibarət klub komandaları yarışacaqlar. Builki yarışlarda ölkəmizin 16 klub komandası ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstandan gəlmiş komandalar da iştirak edəcəklər.

Xəbər 772 dəfə oxundu.