Azərbaycan gimnastı Avropa çempionatında beşinci yeri tutub
Aprelin 15-də Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında yeniyetmələr arasında ikili mini-batut yarışında Azərbaycan gimnastı Selcan Maqsudova beşinci yeri tutub.

Hakimlər idmançımızın çıxışını 63,900 balla qiymətləndiriblər.

Qızıl medalı İspaniya gimnastı Melania Rodriges, gümüş medalı isə rusiyalı Aleksandre Bonartseva qazanıblar. Portuqaliya təmsilçisi Sara Qvido üçüncü olub.

Çempionatın sonuncu günündə hər dörd növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilərin mübarizəsində İlya Qrişunin və Ruslan Ağamirovdan, qadınlarda isə Svetlana Makştareva və Veronika Zemlyanayadan ibarət sinxron cütlüklər təmsil edir.

Avropa çempionatına həm böyüklər, həm də yeniyetmələr proqramında 25 ölkədən 400-dən çox idmançı qoşulub.

Xəbər 1173 dəfə oxundu.