Velosiped idmanının BMX növü üzrə 2018-ci il dünya çempionatının yayım çəkilişini Bakı Media Mərkəzi təşkil edəcək
Bakı Media Mərkəzi bu ilin iyununda Azərbaycanda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatının canlı yayım çəkilişini həyata keçirəcək. Bu da bütün dünyadakı idman həvəskarlarına “Baku BMX 2018” yarışını aparıcı idman kanalları vasitəsilə birbaşa izləmək imkanı verəcək.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə keçiriləcək çempionat iyunun 5-9-da Bakı BMX Veloparkında təşkil olunacaq. Çempionatda planetin 50-dən çox ölkəsindən təxminən iki min velosipedçinin iştirakı gözlənilir.

Bakı Media Mərkəzi bu mötəbər beynəlxalq yarışın video və foto çəkilişlərini həyata keçirməklə yanaşı, dünya çempionatına hazırlıq mərhələsində tanıtım çarxının çəkilişini və dünyanın aparıcı idman kanallarında yerləşdirilməsini də təmin edəcək.

Əsas çəkilişlər 16 kameralı Səyyar Televiziya Kompleksi vasitəsilə aparılacaq. Bundan başqa, yarış zamanı daha keyfiyyətli çəkilişlər aparmaq məqsədilə Mərkəzin yeni texniki qurğularından istifadə olunacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Şirkət bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin yayımının təşkil olunmasında geniş təcrübəyə malikdir.

Bunadək Mərkəz “Tour d’Azerbaidjan” velosiped turunun Bakıdan və bölgələrdən canlı yayımlarını təşkil edərək dünyanın idman həvəskarlarına bu mötəbər yarışı “Eurosport” kanalında birbaşa izləmək imkanı verib.

Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook, Youtube, Linkedın, Instagram və Tvitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

Xəbər 1094 dəfə oxundu.