Azərbaycanlı idmançı beynəlxalq fiqurlu konkisürmə kubokunda 2-ci yeri tutub
Azərbaycanlı idmançı Orxan Məmmədov Fransanın Paris şəhəri yaxınlığındakı Sent-Uen kommunasında keçirilən 35-ci “Alain Dauliac” beynəlxalq fiqurlu konkisürmə kubokunda 2-ci yeri tutub.

Fiqurlu konkisürmə kubokunda Almaniya, Hollandiya, İsveç, İsveçrə, Danimarka, Rusiya, İtaliya, İngiltərə, Qazaxıstan, Cənubi Afrikadan 400 konkisürən iştirak edib.

İdman karyerasına 4 yaşında Bakıda gimnastika ilə başlayan Orxan Məmmədov 2013-cü ildə ailəsi ilə birlikdə Fransaya köçüb və fiqurlu konkisürmə ilə məşğul olub.

O, 2014 və 2015-ci illərdə Vitri (Vitry) kubokunun qalibi olub. 2016-cı ildə Qarjuaz (Gargeoise) və 2017-ci ildə Fontöne (Fontenay), Qarjuaz (Gargeoise), Fransua lö Komt (François le Compte), Bor dö Marn (Bords de Marne) kuboklarının qalibi olub və Kot dö Nakre (Cote de Nacre) mükafatını qazanıb.

2018-ci ilin yanvarında keçirilən Fontöne (Fontenay), Bor dö Marn (Bords de Marne) kuboklarında qalib gəlib. 2018-ci ilin mart ayında keçirilən fiqurlu konkisürmə üzrə ölkə çempionatında komanda hesabına qalib gələrək Fransa yığmasının heyətinə cəlb edilib.

Qeyd edək ki, ölkəmizin Fransadakı səfirliyi Orxan Məmmədovun Sent-Uen kommunasında keçirilən 35-ci “Alain Dauliac” beynəlxalq fiqurlu konkisürmə kubokunda iştirakına kömək göstərib.

AZƏRTAC

Xəbər 617 dəfə oxundu.