Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanan stolüstü tennisçilər və üzgüçülərlə görüş keçirilib
Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərdən qayıdan Azərbaycanın stolüstü tennis və üzgüçülük üzrə yığma komandalarının üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov görüşdə çıxış edərək Azərbaycanın digər sahələrdə olduğu kimi, idmanın inkişafı baxımından da dünyada nümunə olduğunu bildirib: “Azərbaycan dövləti idmana və idmanın inkişafına yüksək diqqət göstərir. Dünyada ən böyük idman tədbiri Olimpiadadır. Sevindirici haldır ki, artıq yeddi idmançımız bu mötəbər yarışa lisenziya qazanıb. Tennis və üzgüçülük yarışlarında lisenziya qazanmaq çox çətindir. İdmançılarımız arasında Olimpiadaya lisenziya qazanmaq üçün güclü rəqabət var. Qazanılan nailiyyətlər, mötəbər idman tədbirlərinin respublikamızda keçirilməsi bir daha sübut edir ki, Azərbaycan idman ölkəsidir. Regionlarımızda müasir standartlara cavab verən yeni idman və Olimpiya komplekslərinin inşası Azərbaycanda idmanın və Olimpiya hərəkatının daha sürətli inkişafına əlverişli zəmin yaradır”.

Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov əldə olunan uğurların ölkəmizdə idmanın inkişafının göstəricisi olduğunu vurğulayıb. Bildirib ki, stolüstü tennis idmanında uğur qazanmaq çox çətindir. Vitse-prezident qazanılan uğurların Azərbaycan dövlətinin idmana yüksək qayğısının bəhrəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, Tunisdə keçirilən turnirdə komandamızın üzvü Yu Xinhangin bütün rəqiblərinə qalib gələrək gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb. İlk lisenziyanı isə millimizin aktivinə Ninq Jinq yazdırıb.

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdülrəhmanov isə Slovakiyanın Jilina şəhərində keçirilən yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli açıq birincilik haqqında məlumat verib. Bildirib ki, komandamızın üzvü Maksim Şemberev 4 qızıl medal qazanıb. O, həmçinin turnirin rekordunu da yeniləyərək 2019-cu ildə keçiriləcək dünya çempionatına lisenziya qazanıb. Digər üzgüçümüz Fatimə Alkaramova 3 qızıl və 2 bürünc, Alsu Bayramova isə 2 qızıl, 1 bürünc medal qazanaraq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə ediblər. Fatimə Alkaramova həm də turnirin ən güclü qadın idmançısı adına layiq görülüb. Yığmanın üzvləri Ayan Kələntərova 1 qızıl, 4 gümüş, Ramil Vəlizadə 3 gümüş, Rəşad Əliquliyev gümüş və Vəli İsrafilov bürünc medala yiyələniblər.

İdmançılar da çıxışlarında yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı daim doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 996 dəfə oxundu.