Argentina millisi antirekordunu yeniləyib
Futbol üzrə Argentina yığması ötən gün İspaniya millisi ilə yoldaşlıq oyununda böyük hesabla məğlub olaraq (1:6) antirekordunu yeniləyib.

Baş məşqçi Xorxe Sampaolinin yetirmələri komandanın tarixində ən zəif nəticəni üçüncü dəfə təkrarlayıblar. Belə ki, Argentina millisi bundan əvvəl iki dəfə - 1958-ci ildə Çexoslovakiyaya, 2009-cu ildə isə Boliviyaya 1:6 hesabı ilə uduzub.

Madriddəki “Vanda Metrapalitano” stadionununda keçirilən yoldaşlıq oyununda İspaniya millisinin 25 yaşlı yarımmüdafiəçisi İsko het-trik edib. Futbolçu matçın 27-ci, 52-ci və 74-cü dəqiqələrində fərqlənib. O, karyerasında ilk dəfə bir oyunda üç qol vurub. İsko, həmçinin 2003-cü ildən sonra İspaniya millisinin heyətində het-trik edən “Real”ın ilk futbolçusudur. 2003-cü ildə “Real”ın futbolçusu olan Fernando Morentes milli komandanın heyətində üç dəfə fərqlənə bilib.

Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi oyunu tribunadan izləyib. Ancaq İspaniya millisi altıncı qolu Argentina yığmasının qapısından keçirdikdən sonra Messi tribunanı tərk edib.

Xəbər 1159 dəfə oxundu.