Avropa çempionatında daha 2 ağırlıqqaldıranımız qalib oldu
Antalyada ağırlıqqaldıranlar arasında Avropa çempionatı davam edir. İdman.com.az saytının məlumatına görə, ilk gündə olduğu kimi aprelin 11-də, yarışın üçüncü günündə də millimiz uğurlu nəticə göstərib. Qadınların mübarizəsində Boyanka Kostova (58 kq) 2 hərəkətin cəmində 175 kq (78 kq + 97 kq) ağırlığın öhdəsindən gələrək Avropa çempionu adını qazanıb. Bu, gün ərzində son qələbəmiz olmayıb.

«A» qrupunda iştirak edən Əfqan Bayramov (69 kq) birdən qaldırmada 143 kq nəticə göstərərək 7-ci olub. O, vəziyyətini təkanla qaldırma proqramında düzəldib. 178 kq ağırlığın öhdəsindən gələn idmançımız, ümumi hərəkətdə 321 kq-la yarışın baş mükafatına sahib çıxıb.

Xatırladaq ki, ilk gündə Valentin Xristov (56 kq) qızıl və Silviya Angelova (48 kq) bürünc medal qazanmışdı. Xanım atletlərimiz yaxşı çıxış edəcəkləri halda, London olimpiadasına 1 vəsiqə qazanacaqlar. Əldə olunmuş nəticələr, bunu gerçəkləşdirəcəyimizə imkan verir.

Xəbər 1176 dəfə oxundu.