Güləş qaydalarında bəzi dəyişikliklər edilib
Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib. Bu dəyişikliklər aprelin 2-dən qüvvəyə minəcək.

Dəyişikliklərə əsasən, yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz edilərkən baxılacaq. Həmçinin yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərti ilə məhdudlaşdırılıb.

Neqativ güləş adlandırılan və qaydalara zidd hərəkətlərə görə, sərbəst güləşdə xəbərdarlıq rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq rəqibə 2 xal verilməklə qiymətləndiriləcək. Güləşmədən qaçmağa görə, sərbəst güləşdə xəbərdarlığa görə rəqibə 1, yunan-Roma güləşində isə 2 xal veriləcək. Xalçadan qaçma da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.

Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlığa görə rəqibə 1 xal veriləcək. Yunan-Roma güləşində müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə əvvəlcə xəbərdarlıq və rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.

Qəsdən kobud qayda pozuntusuna yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.

Xəbər 1015 dəfə oxundu.