FIFA çempionatdakı qarışıqlıq səbəbindən Yunanıstanı beynəlxalq yarışlardan kənarlaşdıra bilər
FIFA Yunanıstan hakimiyyət orqanlarını futbolda nizam-intizam yaratmağa çağırıb. Əks halda, ali futbol qurumu Yunanıstan Futbol Federasiyasına sanksiyalar tətbiq edilə bilər.

Təşkilat bu yaxınlarda Yunanıstanda baş verən toqquşmaları pisləyib və hakimiyyət orqanlarını buna oxşar vəziyyətlərə son qoymağa çağırıb.

FIFA Yunanıstan Futbol Federasiyasına “əgər əlaqədar orqanlar zorakılığın bütün növlərinin aradan qaldırılmasına dair lazımi tədbirlər görməsə və yarışların keçirilməsinə zəmanət verməsə” bütün beynəlxalq yarışlardan ölkənin uzaqlaşdırılacağı barədə xəbərdarlıq edib.

FIFA-nın nəzarət komitəsi Yunanıstan çempionatının dayandırılması və ölkə futbolunda baş verən hadisələri izləmək barədə hökumətin qərarını nəzərə alıb.

Xatırladaq ki, fevralın 5-də “Olimpiakos”un fanatları komandanın məğlubiyyətindən sonra toqquşma yaradıblar. Nəticədə, 3 xaldan məhrum edilən kluba iki oyunu tamaşaçılarsız keçirmək tapşırılıb.

Fevralın 26-da PAOK-“Olimpiakos” qarşılaşması qonaqların məşqçisinə kassa lenti rulonunun atılması səbəbindən dayandırılıb. PAOK klubunun hesabından 3 xal silinib.

Martın 11-də PAOK-un prezidenti İvan Savvidi AEK komandası ilə oyun zamanı əlində tapança meydana çıxaraq hakimi hədələyib. Hazırda Yunanıstan çempionatı müəyyən olunmayan müddətə dayandırılıb. Yunanıstan polisi Savvidinin tutulmasına order versə də, hələ ki, onu tapa bilmirlər.

Xəbər 1285 dəfə oxundu.