AFFA İcraiyyə Komitəsinin iclasında oyunların nəticəsinin manipulyasiyası məsələləri müzakirə olunub
Martın 7-də Bakıda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev futbol veteranı, uzun illər SSRİ çempionatının güclülər dəstəsində, habelə beynəlxalq oyunlarda hakimlik etmiş Rüstəm Rəhimovu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara üzərində “R.Rəhimov 70” yazılmış rəmzi hakim forması təqdim olunub.

Rüstəm Rəhimov göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, müəllifi olduğu “Bu, mənim alın yazımdır” avtobioqrafik kitabını AFFA prezidentinə hədiyyə edib.

İcraiyyə Komitəsi gündəlikdəki məsələlərin müzakirəsindən sonra Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunması, Müzəffər Qasımova, Gündüz Cəfərova AFFA-nın xüsusi, Vaqif Davudova, Nadir Qasımova, İsmayıl Hüseynova və

Ağarza Rzayevə təqaüdün verilməsi barədə qərarlar qəbul olunub.

Həmçinin Zaur Hacı-Məhərrəmov AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvü seçilib. AFFA-nın yanında Media Komitəsinin yeni formatda fəaliyyəti ilə bağlı müzakirələrin aparılması katibliyə həvalə edilib. Bundan başqa, İcraiyyə Komitəsinin növbəti iclasına təkliflərin təqdim olunması qərara alınıb.

İclasda futbol oyunlarının nəticələrinin manipulyasiyası məsələləri və nəticəsi şübhə doğuran oyunlarla bağlı geniş müzakirələr aparılıb.

Toplantıda Azərbaycan Futzal Federasiyasının prezidenti, İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun federasiyanın fəaliyyəti ilə bağlı məruzəsi dinlənilib.

Xəbər 1053 dəfə oxundu.