Bakıda AFFA-nın XXV konfransı keçirilir
Martın 7-də Bakıda AFFA-nın XXV konfransı keçirilir.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü, xarici işlər naziri Elmar Məmmədyarov, UEFA-nın İcraiyyə Komitəsinin üzvü Con Deleyni, veteran futbolçular və idman ictimaiyyətinin nümayəndələri iştirak edirlər.

Tədbirdə futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsindəki çıxışından bəhs edən videoçarx nümayiş olunub.

AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən il ərzindən futbolun inkişafı istiqamətində görülən işlərdən danışıb. O deyib: “Hesabat dövründə “Qarabağ” klubunun Çempionlar Liqasına yüksəlməsi çox sevindirici oldu. Bundan əlavə, Bakı 2019-cu ildə Avropa Liqasının final mərhələsinə ev sahibliyi etmək hüququ qazanıb. Həmçinin paytaxtımızda FIFA-nın sammiti təşkil olunub, eləcə də Qurban Qurbanov milli komandamıza baş məşqçi təyin edilib. Bütün bunlar ölkəmizdə futbolun inkişafına yönəlmiş addımlardır”.

FIFA-nın Avropa Milli Assosiasiyalarının direktoru Byorn Vassallo ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, Azərbaycanda futbolun inkişafı istiqamətində görülən tədbirlərin əhəmiyyətindən danışıb.

AFFA-nın baş katibi Elxan Məmmədov ötən il ərzində görülən işlərin hesabı ilə çıxış edib.

Daha sonra ölkədə futbolun kütləviliyinin təmin olunması, infrastrukturun təkmilləşdirilməsi və uşaq futbolunun inkişafı ilə bağlı videoçarx təqdim olunub.

Xəbər 1025 dəfə oxundu.