İdman ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Daha sonra bayram münasibətilə 50-dək velosipedçinin iştirakı ilə Şəhidlər xiyabanının qarşısından Fəvvarələr meydanına doğru yürüş keçirilib.

5 mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə təsis edilib. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.

Xəbər 618 dəfə oxundu.