Yasamal rayonunda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
Yasamal Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirilib.

Rayon icra hakimiyyətindən bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları akt zalının foyesində Azərbaycan idmanının uğurlarına həsr edilən fotosərgiyə baxıblar.

Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov “Heydər Əliyev və müstəqil Azərbaycanın idman tarixi” mövzusunda məruzə ilə çıxış edərək Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə ölkəmizdə hər il martın 5-nin Bədən Tərbiyəsi və İdman Günü elan olunduğunu, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adının təsis edildiyini bildirib. Qeyd edilib ki, dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamlar ölkə rəhbərliyinin idmana və idmançılara yüksək diqqət və qayğısının bariz nümunəsidir. Qeyd edilib ki, son illər Azərbaycan mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edərək dünyada idman ölkəsi olduğunu sübut edib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyevin dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşü, daha sonra İdman Fondunu təsis etməsi ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni mərhələnin başlanğıcı olub. Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb.

Bildirilib ki, dövlətimizin başçısının idmana qayğısı, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Son illərdə Azərbaycanda 50-dək yeni Olimpiya idman kompleksi, bir sıra müxtəlif idman növləri üçün möhtəşəm arenalar istifadəyə verilib.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin deputatları Ülvi Quliyev və Elşad Həsənov çıxış edərək bildiriblər ki, Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğının göstəricisidir.

Sonra bir qrup idmançıya və idman ictimaiyyəti nümayəndəsinə Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub.

Xəbər 1233 dəfə oxundu.