Futbol veteranlarımız prezident seçkilərində fəal iştirak edəcəklər
Azərbaycan Futbol Veteranları İttifaqının növbəti iclası keçirilib. İclas növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsinə həsr olunub.

Tədbirdə çıxış edən ittifaqın sədri, əməkdar bədən tərbiyəsi və idman xadimi Oqtay Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda apardığı məqsədyönlü daxili və xarici siyasətdən, dayanıqlı iqtisadi inkişafdan, ölkəmizdə idmana və o cümlədən idman veteranlarına göstərilən qayğı və diqqətdən danışıb. O.Abdullayev itttifaqın bütün üzvlərini 11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədliyi qeydə alınmış cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra Bakı Futbol Akademiyasının prezidenti, məşhur futbol veteranı İsgəndər Cavadov prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarının qorunması, ölkəmizdə idmanın inkişafı üçün fəaliyyətini və göstərdiyi qayğını xatırladaraq qarşıdakı seçkilərdə cənab İlham Əliyevə səs verəcəyini bildirib.

İclasda qeyd edilib ki, respublikamızda ictimai-siyasi sabitliyin, bölgələrdə yeni, müasir olimpiya idman komplekslərinin tikilərək istifadəyə verilməsi, idmançıların daim dövlət qayğısı ilə əhatə olunması dövlət başçımızın uğurlu siyasətinin məntiqi nəticəsidir.

İclasın sonunda bütün ittifaq üzvləri 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevə səs verməyi qərara alıblar.

Xəbər 1185 dəfə oxundu.