Ağır atletika üzrə seçmə mərhələ yarışlarına start verilib
Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə respublika yarışlarının birinci seçmə mərhələsi keçirilir.

Artıq yarışların Xırdalan mərhələsinə yekun vurulub. Fevralın 24-25-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan 150-yə yaxın atlet AAAF Park Yaşayış Kompleksinin yarış zalında mübarizəyə qoşulublar. Qalib və mükafatçılara medal və diplomlar təqdim olunub.

Fevralın 28-dən martın 1-dək Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, martın 3-4-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2000-2006-cı il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar. Qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcək.

Qeyd edək ki, mərhələ yarışları ildə dörd dəfə keçirilir. Yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Xəbər 911 dəfə oxundu.