Milli Olimpiya Komitəsinin əməkdaşı Pxençanda Olimpiya Yayım Xidmətinin rəsmiləri ilə görüşüb
“Pxençan-2018” Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində olan Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) marketinq idarəsinin rəisi Mehman Kərimov Olimpiya Yayım Xidmətinin və Olimpiya Kanalının bir sıra rəsmiləri ilə görüşüb.

Olimpiya Yayım Xidmətinin telekommunikasiya direktoru Mario Reis ilə görüşdən əvvəl XXIII Qış Olimpiya Oyunlarının yayım mərkəzi və əsas xidmətləri üzrə tur təşkil edilib. Xidmətin əməkdaşları kosmik peyklər və fiberoptik vasitələrlə dünyanın 160-dan artıq ölkəsində yayımlanan Qış Olimpiya Oyunlarının yayımı haqda geniş məlumat veriblər.

M.Kərimov xidmətlərin həyata keçirildiyi əsas şöbələrin fəaliyyəti ilə yaxından tanış olub.

Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları zamanı Olimpiya Yayım Xidmətinin və Olimpiya kanalının əhəmiyyətli rol oynadığını bildirən M.Kərimov göstərdikləri dəstəyə və xidmətlərə görə Mario Reisə və xidmətin bütün əməkdaşlarına minnətdarlığını bildirib. Məhz bu dəstəyin nəticəsi olaraq “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının gündəlik xəbərlər proqramının Olimpiya Kanalı vasitəsilə dünyanın bütün ölkələrinə yayımlandığı diqqətə çatdırılıb. Görüşdə tərəflər televiziya yayımı və rəqəmsal marketinq sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını ifadə ediblər.

Daha sonra 2019-cu ildə Bakının ev sahibliyi edəcəyi Avropa Yeniyetmələrin Olimpiya Festivalı və Olimpiya Oyunları çərçivəsində planlaşdırılmış bir sıra müştərək layihələr müzakirə edilib.

Növbəti görüş Olimpiya Kanalının biznes xidmətləri şöbəsinin rəhbəri Xose Domingez, həmçinin Milli Olimpiya komitələri və beynəlxalq federasiyalar üzrə baş menecer Con Palfrey ilə keçirilib. Tərəflər əsasən “Olimpiya Gündəliyi-2020” sənədinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, MOK-un marketinq fəaliyyətinin genişləndirilməsi və bu istiqamətdə görüləcək işləri müzakirə ediblər.

X.Domingez İslamiada çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış çoxtərəfli memoranduma uyğun olaraq, sosial media platformalarının və digər internet resurslarının idarə olunmasında, rəqəmsal arxivləşdirmədə, kontent yaradılmasında və digər sahələrdə MOK-a hər cür texniki dəstəyin göstərilməsi üçün hazır olduqlarını söyləyib. Azərbaycanın regiondakı aparıcı rolu nəzərə alınaraq bir sıra layihələrin həyata keçirilməsində qonşu ölkələrin Milli Olimpiya komitələri ilə birgə əməkdaşlığı da məmnunluqla qeyd olunub.

Belə görüşlər qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə, Olimpiya hərəkatının təbliği sahəsində müştərək layihələrin uğurla həyata keçirilməsinə şərait yaradır. Növbəti görüş “Olimpiya Gündəliyi-2020” sənədinin tələb və tövsiyələrinə uyğun olaraq, Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Olimpiya Komitəsinin Televiziya Marketinq Xidmətinin rəsmiləri ilə nəzərdə tutulub.

Xəbər 483 dəfə oxundu.