Boksçumuz Yusif Məsudzadə “Strandja” turnirinə qələbə ilə başlayıb
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirinə start verilib. 69-cu dəfə keçirilən yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı rinqə çıxıb.

Boksçularımızdan Yusif Məsudzadə turnirə qələbə ilə başlayıb. Əlli iki kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ilk görüşündə bolqarıstanlı Tinko Banabakovu mübarizədən kənarlaşdırıb. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qalib gəlib. Y.Məsudzadə fevralın 23-də təşkil olunacaq 1/4 finalda iranlı Reza Suleymanifardla üz-üzə gələcək.

Elvin İsayev (64 kq) və Rahil Məmmədlinin (91 kq) debütü uğurlu alınmayıb. Boksçularımız müvafiq olaraq, Luis Rodriques (Braziliya) və Abzal Kuttibekova (Qazaxıstan) məğlub olublar.

Qeyd edək ki, yığmamız 32 ölkədən 300-dən artıq boksçunun qatıldığı turnirə 7 idmançı ilə yollanıb. Təmsilçilərimizdən bu gün daha ikisi mübarizəyə qoşulacaq.

Xəbər 1418 dəfə oxundu.