İspaniya və Sloveniya “Pxençan-2018” Qış Olimpiya Oyunlarında ilk medalını qazanıb
“Pxençan-2018” Qış Olimpiya Oyunlarının yeddinci günündə - fevralın 15-də atletlər 9 dəst medal uğrunda yarışıblar. Almaniya millisi öz hesabına əlavə iki qızıl və bir bürünc medal yazdıraraq liderliyini möhkəmləndirib. İspaniya snoubord, Sloveniya isə biatlon yarışlarında ilk medalını qazanıb.

Sərbəst xizək üzrə qadınlar arasında 10 kilometr məsafəyə mübarizədə məsafəni 25 dəqiqəyə qət edən norveçli Ragnhild Haqa “Pxençan-2018”in çempionu olub. İsveç təmsilçisi Şarlotte Kallanın gümüş medal qazanıb. Yarışda eyni nəticə göstərdikləri üçün Norveç xizəkçisi Marit Byoergen və finlandiyalı Krista Parmakoski bürünc medala layiq görülüblər.

Kişilərin 10 min metr məsafəyə konkisürmə yarışlarında kanadalı Ted-Yan Bloemen 12 dəqiqə 39 saniyə nəticə ilə Olimpiya rekorduna imza ataraq qızıl medal qazanıb. Digər iki pillədə isə niderlandlı Yorrit Berqsmay və İtaliya atleti Nikola Tumolerom yer alıblar.

Kişilər arasında snoubord yarışlarının kross növündə qalib adına Fransa təmsilçisi Piyer Vaultier sahib olub. Avstraliya təmsilçisi Jerrid Huqes gümüş, İspaniya idmançısı Regino Hernandez isə bürünc medal əldə ediblər.

Oyunların yeddinci günündə biatlon yarışlarında iki dəst medal sahibini tapıb. Qadınlar arasında 15 kilometr məsafəyə fərdi yarışlarında İsveç idmançısı Anna Oeberq marşrutu 47 dəqiqə 7 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb. Slovakiyalı Anastasiya Kuzmina yarışı ikinci, Almaniya atleti Laura Dahlmeyer isə üçüncü pillədə başa vurublar.

Kişilər arasında 20 kilometr məsafəyə fərdi yarışlarda isə norveçli Yohannes Tingnes Boe 48 dəqiqə 3 saniyə nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sloveniya idmançısı Yakov Fak gümüş, Avstriya təmsilçisi Dominik Landertinger bürünc medala sahib olublar.

Fiqurlu konkisürmə yarışlarının sərbəst proqramında 235,90 xalla Almaniya təmsilçiləri Alyona Savçenko və Bruno Massot Olimpiya çempionu adını qazanıblar. Çinli cütlük Vencinq Sui və Conq Han gümüş, Kanada atletləri Meqan Dunamel və Erik Radford bürünc medal qazanıblar.

Olimpiadada atletlər dağ xizəkçiliyi yarışlarında da iki dəst medal uğrunda mübarizə aparıblar. Kişilər arasında sürətli eniş yarışlarında ilk iki pillədə norveçli xizəkçilər Aksel Lund Svindal və Kyetil Cansurd qərarlaşıblar. İsveçrəli atlet Bit Feuz isə yarışı üçüncü pillədə tamamlayıb.

Qadınların böyük slalom yarışlarında isə ABŞ təmsilçisi Mikaela Şiffrin bütün rəqiblərindən üstün olub. Norveçli Ragnhild Movinkel gümüş, italiyalı Federika Brinyone bürünc medala layiq görülüblər.

Kirşəsürmə idmanı üzrə kişilərin komanda yarışında Almaniya birinci, Kanada ikinci, Avstriya isə üçüncü pillədə yer alıblar.

“Ağ Olimpiada”da yeddinci günün yekunlarına görə, Almaniya millisi “Pxençan-2018” Qış Olimpiya Oyunlarının medal sıralamasında liderliyini davam etdirir. Bu ölkənin hesabında 9 qızıl, 2 gümüş və 4 bürünc medal var. Ümumilikdə 21 ölkədən idmançılar medalçılar arasında yer alıblar.

Norveç (6-7-4) ikinci, Niderland (5-5-2) üçüncü, ABŞ (5-1-2) dördüncü, Kanada (4-5-4) isə beşinci pillədə qərarlaşıb.

Xəbər 786 dəfə oxundu.