"Pyönqçanq-2018": Yarışqabağı qəhrəmanlar
Koreya Respublikasının Pyönqçanq şəhərində 23-cü Qış Olimpiya Oyunlarının iştirakçıları ilə bağlı yenilik, təşkilatçıların məlumatına görə, Eritreya və Kosovonun ilk dəfə qış olimpiadasına qatılmasıdır.

Bununla yanaşı, bir sıra növlərdə əsas iddiaçılar sırasında olmasalar da, bir çox idmançı adı diqqət çəkəcək. Konkisürməni izləyənlər kolumbiyalı Pedro Kausilə diqqət etsinlər. Çünki o, Cənubi Amerikanın bu növdə ilk təmsilçisi olacaq. 26 yaşlı atlet ölkəsini 500 m və 1000 metr məsafələrə yürüşdə təmsil edəcək. Maraqlıdır ki, o, idman aləmində region üçün ekzotik sayılan bu idman növünə görə tanınmayıb. Kausil diyircəkli konkilərdə planetin ən güclü idmançılarındandır. Yeri gəlmişkən, Çad Hedrik və Derek Parra kimi konkisürənlər də məhz "diyircək"dən gəlmiş buzüstü skeytinq çempionlarıdır.

Nigeriyanın debütü iki idman növündə bütün Afrikanın şərəf tarixinə ilk sətirləri yazacaq. Söun Adıqun bobsleydə, Simidele Adeaqbo isə skeletonda Qara qitənin ilk qaradərili təmsilçiləri olacaqlar. 36 yaşlı Adeaqbo ilk qaradərili skeletonçu olmağı ilə fəxr etdiyini sosial şəbəkələrdə də sevinclə paylaşıb. Bob pilotu Adıqun isə siftəni sürətyığıcı Nqozi Onvumere və ya Akuoma Omeoqa ilə birlikdə edəcək. 31 yaşlı Adıqun bu idman növündə debütü edəcəyi ilə öyünərək bunun ölkəsində yeni idmançıların yetişməsinə təkan verməsini arzulayır.

Afrikanın əfsanələri bununla tamamlanmır. Madaqaskar da 12 ildən sonra qış olimpiadasına qayıdır. Övladlığa götürülərək uşaqlıqdan Fransada məskunlaşmış 16 yaşlı Myalityana Kler tarixi vətənini təmsil etmək qərarına gəlib və dağ xizəyi yarışlarına qatılacaq. Məqsədi isə təcrübə toplamaq və gələcəkdə medalçılar sırasında yer almaqdır.

Ekzotik idmançılardan biri də Tonqanı təmsil edir. Pita Nikolas Taufatofua Rio Olimpiadasında milli geyimdə (yarıçılpaq yağlı bədənə dolanmış milli naxışlı ətək) ölkəsinin bayrağını daşıması ilə məşhurlaşıb. Elə geyiminə görə də telekanalların diqqətini çəkərək müxtəlif tipli verilişlərə dəvət almışdı. İndi isə 7-10 dərəcəlik şaxta və küləkli havada hansı geyimdə çıxacağı teleşouların müzakirəsindədir. O, Rioda taekvondo yarışlarında çıxış etmişdi.

Atası Sakit okean arxipelaqı Tonqada doğulub yaşamış, özü isə Avstraliyada anadan olmuş və Yeni Zelandiyada məskunlaşmış Pita indi də dağ xizəyində normativləri yerinə yetirib və yarışda gücünü sınayacaq.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək.

Xəbər 995 dəfə oxundu.