"Pyönqçanq-2018": Finallar qəhrəmanı
Koreya Respublikasının Pyönqçanq şəhəri 23-cü Qış Olimpiya Oyunları üçün namizədliyini 2009-cu il oktyabrın 15-də irəli sürmüşdü.

Bu, onun üçüncü cəhdi idi. 2010-cu və 2014-cü illərdə seçkiləri yalnız final mərhələlərində 3 və 4 səslə uduzmuşdu. Bu dəfə onun əsas rəqibləri Almaniya Münxeni və Fransanın şimal-şərqində yerləşən Ansi idi. Doğrudur, Ansinin namizədliyi ciddi qəbul olunmurdu. Çünki Oyunlara yerli əhali nəinki dəstək vermir, hətta onun əleyhinə çıxış edirdilər. Qələbəyə potensial namizəd isə Almaniyanın sənaye nəhəngi sayılırdı. Qalib gələcəyi təqdirdə o, tarixdə həm yay, həm də qış Oyunlarına ev sahibliyi etmiş ilk şəhər olacaqdı. 2011-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) CAR-ın Durban şəhərində keçirilən 123-cü Sessiyasında gözlənilmədən Pyönqçanq elə ilk raundda 63 toplayıb böyük üstünlüklə hər iki rəqibinə (Münhen - 25, Ansi - 7 səs) qalib gəldi.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək.

Xəbər 504 dəfə oxundu.