Avropa Şurasının Antidopinq Konvensiyasının monitorinq qrupu Milli Məclisdə olub
Fevralın 7-də Milli Məclisdə gənclər və idman komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının Antidopinq Konvensiyası üzrə monitorinq qrupu ilə görüşüblər.

Komitənin sədri Fuad Muradov idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda antidopinqin vacibliyinin daim diqqətdə saxlanıldığını bildirib.

Qeyd edilib ki, ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulub. Antidopinqlə bağlı milli qanunvericilik bazası yaradılıb, 2016-cı ildə müvafiq qanun qəbul olunub. Dövlət qurumları milli və regional antidopinq təşkilatları ilə sıx əməkdaşlıq şəraitində çalışır, dopinqdən istifadəyə qarşı mübarizədə ciddi addımlar atılır. Bu, idmançıların sağlamlığının qorunması baxımından da olduqca vacibdir.

Görüşdə Ümumdünya Antidopinq Agentliyi üzrə ad-hoc Avropa Komitəsinin (CAHAMA) sədri, Polşanın idman və turizm naziri ofisinin direktor müavini Rafal Piechota antidopinq sahəsində Azərbaycan qanunvericiliyinin müsbət nailiyyətləri olduğunu xüsusi vurğulayıb. O, səfərin məramını açıqlayaraq bildirib ki, burada həyata keçirilən antidopinq proqramları və layihələri ilə tanışlıqdan sonra hesabat hazırlanacaq və Monitorinq qrupunun mayda keçiriləcək iclasına təqdim olunacaq.

Ümumdünya Antidopinq Agentliyinin Milli və Regional Antidopinq Təşkilatları ilə əlaqələri üzrə direktor müavini Tom May qeyd edib ki, müvafiq qanunların qəbul olunaraq həyata keçirilməsində, əməkdaşlıq əlaqələrinin qurulmasında Azərbaycanda rast gəlinən sürət heyranlıq yaradır. Bu baxımdan Azərbaycan digər ölkələrə nümunə ola bilər.

Söhbət zamanı Avropa Şurası İdman Konvensiyaları bölməsinin Antidopinq Konvensiyası üzrə layihə meneceri Liene Kozlovska, deputat Rauf Əliyev fikirlərini bölüşüblər.

Monitorinq qrupu ilə görüşdə Azərbaycandakı antidopinq qanunvericiliyi, siyasəti və mövcud vəziyyət təhlil edilib.

Xəbər 450 dəfə oxundu.