"Pyönqçanq-2018": Azərbaycanın 6-cı qış olimpiadası
Koreya Respublikasının Pyönqçanq şəhərində 23-cü Qış Olimpiya Oyunlarının gerisayımında gün hesabı saatlar və dəqiqələrlə əvəzlənib. Müvəqqəti inşa olunmuş arenada - Olimpiya stadionunda fevralın 9-da keçiriləcək açılış mərasimi ilə daha bir "qış nağılı"nın əsası qoyulacaq.

Ayın 25-nə qədər davam edəcək Oyunlarda iştirakı təsdiq edilmiş 92 ölkənin təmsilçiləri arasında Azərbaycan nümayəndə heyəti də yer alacaq. Komandamızın şərəfini Soçi-2014-də də çıxış etmiş Patrik Braxner qoruyacaq. O, slalom və nəhəng slalom proqramlarında çıxış etmək hüququ əldə edib.

6-cı dəfədir "Odlar yurdu"nun komandası bu yarışlarda iştirak edir. İlk dəfə müstəqil komandası ilə qış olimpiadasına qoşulan Azərbaycan debütünü məhz Asiyada - 1998-ci ildə Yaponiyanın Naqano şəhərində etmişdi. Yeri gəlmişkən, buna qədər Asiyada cəmi bir qış olimpiadası keçirilmişdi. O da Yaponiyada - Sapporoda olmuşdu.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək.

Xəbər 566 dəfə oxundu.