AIBA boksun Olimpiya oyunlarının proqramında saxlanılması üçün BOK-la əməkdaşlıq edəcək
Beynəlxalq Boks Assosiasiyası (AIBA) boksun Olimpiya oyunlarının proqramında saxlanılması üçün Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə birgə iş aparacaq.

Bunu KİV-lərə AIBA İcraiyyə Komitəsinin üzvü Pet Fiakko bildirib.

Bazar günü BOK-un prezidenti Tomas Bax bəyan edib ki, təşkilat AIBA-da işlərin vəziyyətindən narahatdır, həmçinin boksun 2020-ci il Tokio Olimpiya oyunlarının proqramına daxil edilməsi haqqında qərarını yenidən nəzərdən keçirə bilər. BOK, həmçinin, assosiasiyanın maliyyələşdirilməsini dayandırdığını elan edib.

“AIBA boksun uzun müddət Olimpiya oyunlarının populyar idman növü olaraq qalması üçün BOK ilə tərəfdaşlıq şəraitində fəaliyyət göstərəcək. Biz BOK-un bəyanatına uyğun olaraq, təşkilatın tələblərinə diqqətlə yanaşacağıq. Etiraf edirik ki, AIBA-nın əvvəlki rəhbərliyi çoxlu səhvlərə yol verib, lakin biz onları təkrar etmək istəmirik. Biz təşkilatın daha yaxşı inkişafı üçün “yeni fond” üzərində işləyirik”, - deyə Fiakko əlavə edib.

P.Fiakko onu da bildirib ki, AIBA bütün milli federasiyalar və BOK ilə şəffaflıq şəraitində işləyəcək və çox uğurlu gələcəyə nail olacaq.

Xəbər 825 dəfə oxundu.