Bakıda keçirilən atletika üzrə Antipov memorialının qalibləri müəyyənləşib
Fevralın 3-də Respublika Olimpiya Mərkəzində SSRİ və Azərbaycanın Əməkdar İdman Ustası Aleksandr Antipovun xatirəsinə həsr olunan beynəlxalq atletika turniri başa çatıb. Azərbaycan, Rusiya və Gürcüstandan olan iki yaş qrupundakı atletlərin yarışında 50-dək idmançı iştirak edib.

Yarışda atletlər uzunluğa tullanma, üçtəkanla tullanma və yakut tullanmaları üzrə mübarizə aparıblar.

Turnirin sonuncu günündə yakut tullanmaları üzrə qaliblər müəyyənləşib.

“Kıllı” növü üzrə yarışda qadınların mübarizəsində Səbinə Zralova, kişilər arasında isə Səid Nəcəfzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

“İstanqa” növündə qadınların mübarizəsində Azərbaycan idmançısı Səbinə Zralova birinci olub. Kişilərin yarışında isə Rüstəm Məmmədov fərqlənib.

“Kuobax” yarışlarında Fəxriyyə Tağızadə və yakut atleti Dmitri Dmitriyev rəqiblərini üstələyərək birinci yeri tutublar.

Üçnövçülükdə isə Səbinə Zralova və Səid Nəcəfzadə birinci pillədə qərarlaşıblar.

Xəbər 1440 dəfə oxundu.