“Neftçi İdman Klubu”nun güləşçiləri Bakı birinciliyində yeddi medal qazanıblar
Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçirilib. 1-5-ci yerləri tutan güləşçilərə respublika birinciliyində iştirak hüququ qazandıran yarışda 300-ə yaxın idmançı çempionluq uğrunda mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun yeniyetmə pəhləvanları 2-si qızıl, 1-i gümüş və 4-ü bürünc olmaqla turnirin 7 medalına sahib olublar.

Klubun üzvlərindən Allahverdi Əliyev (71 kq) və Qabil Əhmədov (80 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız final qarşılaşmasında məğlubiyyət acısı yaşayan Hüseyn Qəribov (48 kq) gümüş, Xanhüseyn Abışov (55 kq), Xasay Həsənli, Elcan Məmmədov (hər ikisi 65 kq) və Elton Əzimli (80 kq) isə bürünc medala layiq görülüblər.

Xəbər 832 dəfə oxundu.