Qurban Qurbanov: Futbolçularımız fərdi qaydada öz üzərlərində çalışmalıdırlar
Çətin oyun oldu. Futbolçulardan razı qaldım. Onlardan çox şey tələb edə bilməzdim. Meydanda çox düşündülər. Rəqib pressinq edir və daha çox müdafiədən oynayırdı.

Bu sözləri Antalyada təlim-məşq toplanışı çərçivəsində Moldova yığması ilə yoldaşlıq görüşü keçirən Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Qurban Qurbanov bildirib ki, üzərində işləməli olduğumuz xeyli nöqsanlar var. Həmçinin futbolçular fərdi qaydada da öz üzərlərində çalışmalıdırlar. Bakıya qayıtdıqdan sonra da onlarla söhbətlər edəcəyəm. İndi zəif komanda yoxdur. Hər bir futbolçu meydanda özünü yaxşı tərəfdən göstərməlidir. Bəli, onların qol fürsətləri oldu. Əsasən, standart vəziyyətlərdən qol şansı qazandılar. Digər iki epizod isə bizim diqqətsizliyimizin nəticəsi idi. Amma hər hansı qurulan hücum nəticəsində qapımızda təhlükə yaratmadılar.

Moldova yığmasının baş məşqçisi Aleksandr Spridon deyib ki, Azərbaycan millisi topa bir qədər çox nəzarət edirdi. Bizim də qol epizodlarımız oldu. Qələbə də qazana bilərdik. Hər iki tərəf üçün yaxşı oyun oldu. Azərbaycan yığması çox intizamlı komandadır. Bu, meydanda görünürdü. Bu cür rəqiblə qarşılaşmaq xoş idi. Bizi Lüksemburq, Belarus və San-Marino yığması ilə çətin oyun gözləyir. Sizin isə Kosovo millisi ilə matçlarda işiniz asan olmayacaq.

“Qurban Qurbanov güclü məşqçidir. “Qarabağ”da yaxşı nəticələr qazanıb. Ona millidə işləmək daha rahatdır. Çünki “Qarabağ”ın futbolçularını tanıyır və onların əksəriyyəti millidə oynayır. Bu mənada Qurban Qurbanovun oyun üslubuna bələddirlər. Mənim isə bu cəhətdən işim bir qədər çətindir”, - deyə Aleksandr Spridon əlavə edib.

Qeyd edək ki, Azərbaycan-Moldova yoldaşlıq oyununda hesab açılmayıb.

Xəbər 1021 dəfə oxundu.