Azərbaycan futzalının 5-ci qitə cəhdi
Bu gün Sloveniya paytaxtı Lüblyanada futzal millilərinin 11-ci qitə çempionatı start götürür.

Artıq 5-ci dəfədir ən güclülərin turnirində Azərbaycan kollektivi də iştirak edəcək. İlk dəfə 2010-cu ildə Macarıstanda keçirilən qitə çempionatında debüt edən yığma komanda sensasiyalı nəticə ilə 4-cü yeri tutmuşdu. Buna qədərsə millinin 1999-cu ildən başlayan 5 cəhdi uğursuz alınmışdı. 3-cü yer uğrunda matçda iştirak etdiyi çempionatda komanda Azərbaycan futzalına böyük perspektivlər açmışdı. Hələ o vaxt bunun Azərbaycan futzalına verilmiş böyük bir şans olduğunu, fürsətin əldən verilməsinin futzalımızı xeyli geri salacağını yazırdıq. Əfsuslar olsun ki, o illərdən bəri komandanın əsas nailiyyəti nəinki bununla tamamlandı, heç ölkədə də futzalın ayağa qaldırılması üçün ciddi addım atılmadı.

Doğrudur, sonrakı seçmə mərhələlərdən də kollektiv uğurla çıxırdı. Lakin əsas hədəf - ölkədə futzalın tərəqqisi, ən yaxşı halda, elə yerində saydı. Əlbəttə, sonuncu mundiala da komandanın tarixində ilk dəfə vəsiqə əldə etməsini, "Araz"ın da nailiyyətlərindən söhbət açmaq olar. Lakin bütün bunlar təsir imkanları və maraq dairəsinə görə, hətta 90-cı illərdə keçirilən daxili çempionatdakı rəqabət həddinin effektini vermədi.
İndi daha bir şans qarşıdakı çempionat sayıla bilər. Çünki rəqiblər heç də asanlardan sayılmır və belə bir rəqabətdə nisbi uğur belə ajiotaja səbəb ola bilər. "D" qrupunda yer alan millinin ən müşkül rəqibi istənilən yarışın favoriti sayılan sonuncu çempion İspaniyadır. İspanların təkcə titullarının sayını qeyd etmək onun haqqında təsəvvürləri formalaşdırar: 10 dəfə final mərhələsində mübarizə aparıb və 7-də (1996, 2001, 2005, 2007, 2010, 2012, 2016) qalib gəlib. Lakin qorxan gözə çöp düşər - 2016-cı il mundialında komandamız ispanlara dişini qıcayaraq, çətin rəqabətdə 2:4 hesabı ilə yenilmişdi. Elə həmin nəticəni əsas götürən ispanlar komandamız haqqında indi də ehtiyatlı danışmağa üstünlük verirlər.

Bu səviyyədə debüt edən Fransaya da ciddi yanaşmaq lazımdır. Çünki bu ölkədə futzal növ kimi sürətlə irəliləyir. Firənglər zəiflərdən olmadıqlarını son seçmə mərhələdə sübut ediblər. Kollektiv təsnifat mərhələsindən finala qədər yol keçən ikinci komandadır (2012-ci ildə Türukiyə ilk belə komanda olub). Üstəlik, budəfəki seçmələrin sonunda onların xorvatları da sıradan çıxarması, yığmamıza ehtiyatı əldən verməməyi əyani göstərir.

Sloveniya finallarında pley-off mərhələsinə hər qrupdan iki komanda çıxacaq. Yeri gəlmişkən, qruplar belədir:

"A" qrupu:
Sloveniya, İtaliya, Serbiya;
"B" qrupu:
Rusiya, Qazaxıstan, Polşa;
"C" qrupu:
Portuqaliya, Ukrayna, Rumıniya.

Fevralın 10-dək Lüblyananın "Stojitse" arenasında davam edəcək turnirə Azərbaycan bir üstünlüklə başlayacaq. Komanda mübarizəyə rəqiblərindən sonra - İspaniyanın Fransa ilə oyunun nəticəsinə bilərək qoşulacaq. Futzalçılarımız hər iki rəqibin, ələlxüsus da fransızların oyun tərzini, üslubunu, zəif-güclü yerlərini bir daha öyrənmək imkanı əldə edəcəklər. İspanların favoritliyini qəbul etsək, çox böyük gümanla, debüt oyunu komandamız üçün həlledici xarakter daşıyacaq.

"D" qrupunun və pley-off mərhələsinin təqvimi belədir:
31 yanvar: İspaniya - Fransa.
2 fevral: Azərbaycan - Fransa.
4 fevral: Azərbaycan - İspaniya.
1/4 final: 6 fevral. "C" qrupu ilə çarpaz oyunlar ("A" və "B" qrupları üçün 5 fevral).
1/2 final. 8 fevral. "A-1"/"B-2" - "C-1"/"D-2" və "B-1"/"A-2" - "D-1"/"C-2".
3-cü yer uğrunda və final oyunları: 10 fevral.

Azərbaycan milli komandasının köhnə-təzə sükançısı Joze Alesiu rəqiblərə sürpriz hazırladığını qeyd etsə də, İran seçməsi ilə son yoxlama matçlar daha çox ehtiyatlanmağa vadar edir. Hərçənd əvvəlki təcrübələrə əsaslansaq, onun başçılığı ilə komandanın əsl simasını yalnız yarışda görəcəyik.

Heyətə nəzər salanda, daha çox aqressiv komanda görməyə yaxınıq. Amma müdafiədə köhnə xəstəliklər də qayıdıb. Tino Peresin və Miltinyunun başçılığı illərində komanda daha mobil oynamağa başlamışdı. Alesiulu dövrlərdə məhz ön xətdəki yaradıcı oyunun vüsəti ilə rəqiblərin sürpizlər qarşısında aciz qalmasını izləyirdik. Baş məşqçi özü də etiraf edir ki, İran Fransa ilə çox yaxın cəhətlərə malikdir. Əgər Fransa ilə dueldə bütün məsələlərə aydınlıq gətiriləcəyini əsas götürsək, sükançının əsas silahı rəqibin aparıcı oyunçularının fərdi qaydada zərərsizləşdirib iki-üç ötürməli sürətli əks-hücumlara diqqət etmək olacaq.

Hər halda komandadakı vəziyyəti münasib hesab etmək olar. Qalır düşünüləni meydanda tətbiq etmək.

BATI YAR


Xəbər 2111 dəfə oxundu.