Abdulla Qədimbəyli şahmat üzrə Azərbaycan çempionu olub
Beynəlxalq dərəcəli usta Abdulla Qədimbəyli (2002-ci il təvəllüdlü) 9 mümkün xaldan 7 xal toplayaraq və onunla bərabər nəticə göstərən yaşıdı, FIDE ustası Rəvan Əliyevi əlavə göstəricilərə görə geridə qoyaraq kişilər arasında şahmat üzrə 2018-ci ilin Azərbaycan çempionu olub.

Bir xal geridə qalan Məhəmməd Muradlı (2003-cü il təvəllüdlü) üçüncü, Nail Bəşirli (2000-ci il təvəllüdlü) dördüncü yerləri tutublar.

İsveçrə sistemi üzrə keçirilmiş və 9 turdan ibarət yarışda bir partiya üçün vaxta nəzarət ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqə olub.

Qeyd edək ki, Azərbaycan çempionu titulu uğrunda 18 şahmatçı, o cümlədən FIDE-nin beynəlxalq rütbələrinin 14 sahibi iştirak edib.

Xəbər 1079 dəfə oxundu.