2 rəqibimiz heyəti açıqlayıb
Trabzonda keçiriləcək boks üzrə Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək Türkiyə yığmasının heyəti məlum olub. İdman.com.az saytının məlumatına görə, qonşu ölkə komandası hələ lisenziya qazanmadığından, yarışda tam heyətlə çıxış edəcək. Salman Əlizadənin yer aldığı 49 kq çəki dərəcəsində Türkiyəni 2008-ci ildə Avropa çempionatının gümüş mükafatçısı olmuş Fərhad Pəhləvan təmsil edəcək. Pəhləvan ötən il Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirinin qalibi olub.

56 kq çəki dərəcəsində Türkiyə yığmasının heyətində Mehmet Topçakan döyüşəcək. Ötən mövsüm WSB liqasında çıxış etmiş boksçu 3 görüşdə rinqə çıxmış və hamısını qələbə ilə başa vurub. Elvin İsayevin mümkün rəqibləri sırasında yenə də Fatih Keleş olacaq. Həmyerlimiz ötən il Ankaradakı Avropa çempionatında bu idmançı ilə qarşılaşmış və hakimlərin qeyri-obyektivliyi səbəbindən 1 xal fərqlə rəqibinə uduzmuşdu. Fatih Keleş isə sonda qitə çempionatını 1-ci sırada bitirmişdi.

Tamerlan Abdullayevin (69 kq) mübarizə apardığı çəki dərəcəsində Abdulkadir Koroğlu gücünü sınayacaq. 2008-ci ildə Avropa çempionatında bürünc medal qazanan trabzonlu boksçu o vaxtdan elə bir ciddi uğura nail olmayıb. Vətən Hüseynlinin (81 kq) mümkün rəqibləri sırasında isə Türkiyə millisinin lideri Bəhram Müzəffər var. 2011-ci ilin qitə çempionatının bürünc mükafatçısı bu mövsüm WSB liqasında keçirdiyi 4 görüşün 3-də qələbə qazanıb.

Rusiya yığması da Trabzonda mübarizə aparacağı heyəti açıqlayıb. Rusların 6 lisenziyası olduğundan onlar bu yarışda 4 idmançı ilə təmsil olunacaqlar. Həmyerlilərimizdən yalnız Elvin İsayev (60 kq) rusiyalı boksçu ilə döyüşə bilər. Avropa və dünya çempionu olan Albert Səlimov yarışın favoritlərindən sayılır. O, bu il Bakıda “Böyük İpək Yolu” turnirində də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Avropa Olimpiya təsnifat turniri aprelin 14-dən 21-ə kimi Hayri Gür İdman kompleksində keçiriləcək.

Xəbər 1217 dəfə oxundu.