Elxan Məmmədov: UEFA Millətlər Liqasında bizi maraqlı idman mübarizəsi gözləyir
UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasında futbol üzrə Azərbaycan millisini maraqlı idman mübarizəsi gözləyir. Yarışın qrup mərhələsinin oyunları üç ay ərzində başa çatacaq.

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov yanvarın 24-də UEFA Millətlər Liqasının püşkatma mərasimi ilə bağlı açıqlamasında deyib.

AFFA-nın rəsmi saytına açıqlamasında E.Məmmədov oyunların komandamız üçün heç də asan keçməyəcəyini vurğulayaraq deyib: “Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünə bilər. Ancaq yığmamızın üç gün ərzində iki oyun keçirəcəyini və bu matçlardan birinin doğma divarlar arasında, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdir. Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, oyunda qalib gəlməkdir. Rəqiblərimiz də xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv yarış izləyəcəyik”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında Farer Adaları, Kosovo və Malta ilə eyni qrupda yer alıb.

Xəbər 541 dəfə oxundu.