20 Yanvar şəhidlərinin xatirəsinə şaolin döyüş sənəti üzrə açıq birincilik təşkil olunub
111 nömrəli orta məktəbin idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunun 20 Yanvar şəhidlərinin xatirəsinə şaolin döyüş sənəti üzrə açıq birinciliyi keçirilib.

Yarışda 13 komandadan 168 idmançı bacarığını nümayiş etdirib. Birincilikdə 2001-2003, 2004-2006, 2007-2009, 2010-2012-ci il təvəllüdlü kiçikyaşlı yeniyetmələr, yeniyetmələr və gənclər mübarizə aparıblar.

Yarışın açılış mərasimində Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq Əliyev, “Gömrükçü” idman klubunun direktoru Ramil Məmmədov iştirak ediblər.

Rafiq Əliyev çıxış edərək yarışın təşkilinə görə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi idman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevə öz minnətdarlığını bildirdi. Qeyd edib ki, vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu daim qəlbimizdə yaşayacaqdır.

20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra yarış açıq elan edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışların yekununda qaliblər müəyyənləşib.

Mükafatçılara “Gömrükçü” idman klubu tərəfindən medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 869 dəfə oxundu.