Milli və beynəlxalq dərəcəli güləş hakimləri ilə görüş keçirilib
Azərbaycan Güləş Federasiyasında (AGF) milli və beynəlxalq dərəcəli hakimlərlə görüş keçirilib.

Federasiyanın birinci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə güləş hakimlərinin hazırlıq səviyyəsindən, qarşıda duran məqsəd və hədəflərdən danışılıb.

AGF-in birinci vitse-prezidenti Firdovsi Umudov bu günlərdə Slovakiyanın Samorin şəhərində keçirilən I-S kateqoriyalı hakimlərin seminarında imtahan verərək dərəcələrini təsdiqlədən hakimləri təbrik edərək deyib: “Dövlətimiz tərəfindən təkcə müxtəlif idman növləri üzrə yığma komanda üzvlərinin deyil, həm də hakimlərin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi üçün lazımi şərait yaradılır. Bu günədək beynəlxalq arenalarda güləşçilərimizlə yanaşı, bir çox tanınmış hakimlərimiz də ölkəmizi uğurla təmsil ediblər. Bu gün isə Olimpiya Oyunlarını idarə etmək hüququna malik iki nəfər I-S, üç nəfər I, 7 nəfər II, 8 nəfər isə III dərəcəli beynəlxalq kateqoriyalı hakimimiz var. Beynəlxalq dərəcəli hakimlərimizin sayı və kateqoriyası daha yüksək ola bilər. Bunun üçün hər bir hakim öz üzərində çalışmalı, nəzəri və praktiki biliklərini artırmalı və nizam-intizamlı olmalıdır. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi güləşçilərlə yanaşı, hakimlərin hazırlığına, mütəmadi olaraq onların yerli və beynəlxalq seminarlarda iştirak etməsinə də daim diqqət yetirir. Bu diqqət bundan sonra da davam edəcək”.

Görüşdə, həmçinin AGF Hakimlər Kollegiyasının yeni sədri elan edilib. Hakimlər Kollegiyasına sədrlik beynəlxalq dərəcəli hakim Qərib Əliyevə həvalə olunub.

Xəbər 746 dəfə oxundu.