2018-ci ilin Dakar ralli yarışına yekun vurulub
Cari ilin Dakar ralli yarışı başa çatıb.

Motosikletçilərin mübarizəsində qələbəni “Red Bull KTM Factory” komandasının təmsilçisi Mattias Valkner qazanıb. Avstriyalı idmançı və MX3 seriyasında motokross üzrə dünya çempionu rallinin 14 mərhələsini ümumilikdə 43 saat 6 dəqiqə 1 saniyəyə qət edərək karyerasında ilk dəfə Dakar ralli çempionu tituluna sahib olub. Digər iki yerdə müvafiq olaraq “Monster Energy Honda Team”dən Kevin Benavides (16 dəqiqə 53 saniyə) və “Red Bull”un daha bir təmsilçisi Tobi Prays (23 dəqiqə 1saniyə) qərarlaşıblar.

Çilili İqnasio Kasale isə kvadrasiklların mübarizəsində birinciliyin qalibi adını qazanıb. “Casale Racing” komandasının təmsilçisi ilə digər iki yeri tutan pilotlar arasında vaxt məsafəsinin kifayət qədər böyük olması ən çox müzakirə olunan mövzulardandır. Belə ki, İ.Kasale “Team Al Desert” komandasından argentinalı Nikolas Kavilyassonu ümumi nəticədə 1 saat 38 dəqiqə 52 saniyə “Consultores De Empresas” təmsilçisi Xeremias Qonsales Feriolini isə 2 saat 8 dəqiqə 14 saniyə üstələyib.

Avtomobillərin yarışında ispaniyalı Karlos Saynz birinci yeri tutub. Ralli üzrə ikiqat dünya çempionu, “Team Peugeot Total” kollektivini təmsil edən pilot 14 mərhələdə 49 saat 16 dəqiqə 18 saniyə nəticə göstərib. O, bununla da 2010-cu ildə əldə etdiyi nəticəni təkrarlayıb. Digər iki yeri “Toyota Gazoo Racing Sa” komandasının nümayəndələri Nasser Al-Attiya (43 dəqiqə 40 saniyə) və Jiniel De Villers (1 saat 16 dəqiqə 41 saniyə) tutublar.

Yük avtomobillərinin mübarizəsində Rusiyanın “Kamaz” ekipajı bu dəfə də bütün rəqiblərini geridə qoyub. Eduard Nikolayevin başçılıq etdiyi kollektiv yekunda 54 saat 57 dəqiqə 37 saniyəlik göstərici ilə Dakar tarixində 14-cü qələbəsini rəsmiləşdirib. Belarusun “Maz-Sportauto” komandası (3 saat 57 dəqiqə 17 saniyə) ikinci, Rusiyanın daha bir təmsilçisi Ayrat Mardeyevin rəhbərlik etdiyi “Kamaz - Master” kollektivi (5 saat 22 dəqiqə 34 saniyə) isə üçüncü yerlə kifayətlənib.

Xəbər 1197 dəfə oxundu.